Daxil ol / Qeydiyyatdan keçin
about

Nəzakət Abasova

Təlimçi, entomoloq

Abasova Nəzakət Mirsahib qızı — entomologiya, fitosanitar nəzarət və qida təhlükəsizliyi sahəsində ixtisaslaşmış yüksək ixtisaslı mütəxəssis və təlimçidir. O, Azərbaycan Dövlət Pedaqoji Universitetində biologiya və zoologiya ixtisasları üzrə təhsil almış, daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda entomologiya ixtisası üzrə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanmışdır.

Nəzakət Abasova peşəkar fəaliyyətinə AMEA Zoologiya İnstitutunda başlayaraq müxtəlif elmi və laborator vəzifələrdə çalışmış, daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Fitosanitar laboratoriyasının Karantin Ekspertiza bölməsində entomoloq və hazırda isə həmin bölmənin rəhbəri kimi fəaliyyət göstərir. Onun fəaliyyət sahələri zərərvericilərin identifikasiyası, karantin tətbiq edilən orqanizmlərin monitorinqi, fitosanitar ekspertiza və risklərin qiymətləndirilməsi üzrə geniş təcrübəni əhatə edir.

Təlimçi və məsləhətçi kimi o, “Anbar zərərvericiləri”, “Bitki sağlamlığı anlayışı”, “Karantin tətbiq edilən zərərli orqanizmlər”, “Ümumi entomologiya” və digər mövzularda çoxsaylı təlimlər təşkil etmiş, müxtəlif regionlarda AQTİ və AQTA-nın təşəbbüsü ilə həyata keçirilən maarifləndirmə tədbirlərində təlimçi kimi iştirak etmişdir.

O, həmçinin ISO 9001:2015, ISO 22000:2018, ISO 14001:2015, ISO 45001:2018 və ISO/IEC 17025:2017 kimi beynəlxalq idarəetmə sistemləri üzrə də təlimlər almış, bu sahədə praktiki və nəzəri biliklərini təlim iştirakçıları ilə paylaşmışdır. “Təlimçilər üçün təlim” (TOT) proqramını da uğurla başa vuraraq, metodik və interaktiv təlim təqdimat bacarıqlarını daha da inkişaf etdirmişdir.

Yüksək elmi hazırlığı, sahə üzrə zəngin praktiki bilikləri və peşəkar təlimçilik bacarığı ilə Nəzakət Abasova fitosanitar sahədə insan resurslarının inkişafına və biliklərin geniş auditoriyalara çatdırılmasına mühüm töhfə verməkdədir.