Daxil ol / Qeydiyyatdan keçin
about

Vüsal Əmirxanov

Təlimçi, qida mühəndisi

Əmirxanov Vüsal Məmmədxan oğlu — qida təhlükəsizliyi, keyfiyyətin idarə olunması və halal uyğunluq sahəsində ixtisaslaşmış yüksək ixtisaslı mütəxəssis və təlimçidir. O, Azərbaycan Dövlət İqtisad Universitetində Qida Mühəndisliyi üzrə magistr təhsili almış və son 10 il ərzində həm dövlət, həm də özəl sektorda fəaliyyət göstərərək geniş təcrübə toplamışdır. Onun peşəkar fəaliyyətində əsas istiqamətlər beynəlxalq qida təhlükəsizliyi standartlarının tətbiqi, HACCP planlarının hazırlanması və tətbiqi, Halal tələblərə uyğunluq qiymətləndirilməsi, laboratoriyalarda keyfiyyətin təminatı sistemlərinin qurulması və qida müəssisələrində auditlərin aparılması olmuşdur.

Əmirxanov Vüsal Məmmədxan oğlu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müxtəlif struktur bölmələrində – Keyfiyyətə Nəzarət, Xidmətlərin təşkili, Sertifikatlaşdırma şöbələrində aparıcı mütəxəssis və rəhbər vəzifələrdə çalışaraq dövlətin qida təhlükəsizliyi sisteminin formalaşdırılmasında və gücləndirilməsində yaxından iştirak etmişdir. O, eyni zamanda "Balxurma" MMC, “Qafqaz Konserv Zavodu” MMC, “TAİS-İKF” kimi şirkətlərdə qida təhlükəsizliyi və keyfiyyəti sahələrində çalışmaqla qida məhsullarının istehsalında texnoloji proseslərin və təhlükəsizlik və keyfiyyət tədbirlərinin səmərəli idarə olunmasına rəhbərlik etmişdir.

Təlimçi və məsləhətçi kimi o, yerli və beynəlxalq standartlara uyğun HACCP, ISO 22000:2018, BRCGS Food Safety, ISO 9001:2015 və OIC/SMIIC 1 Halal standartları üzrə müxtəlif səviyyəli təlimlər təşkil etmiş, həmçinin bu sahələrdə sertifikatlaşdırma və audit proseslərinə texniki rəhbərlik etmişdir. Rəqəmsal təlim platformalarında təlim məzmunlarının hazırlanması, video dərslərin ssenari və vizual planlaşdırılması, eyni zamanda sahəyə uyğun praktik təcrübə nümunələrinin təqdim edilməsi onun güclü tərəflərindəndir.

Yüksək səviyyəli analitik düşüncə qabiliyyəti, normativ tələblərə dərindən bələdliyi, sənədlərlə işləmə və komandaya liderlik bacarığı ilə Vüsal Əmirxanov bu sahədə bilik və təcrübəsini təlim iştirakçıları ilə bölüşərək, onların peşəkar inkişafına mühüm töhfələr verir.